ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan seminar keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarı açan AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlar imzaladığını xatırladıb. Bildirib ki, həmin sərəncamlardan irəli gələrək Şərqşünaslıq İnstitutunda “Nəsimi qrupu” yaradılıb və xüsusi tədbirlər planı hazırlanıb. Şairlə bağlı monoqrafiya hazırlanır, əsərlər tərcümə edilir, mütəmadi olaraq seminarlar keçirilir.

Sonra AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “İmadəddin Nəsimi: sənət və təriqət bütövlüyünün fəlsəfi poeziya zirvəsi” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, XIV əsr türkdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığında təsəvvüf ideyaları bütöv bir konsepsiya təşkil edir. Digər klassik şairlərimizdən fərqli olaraq Nəsiminin bilavasitə fəlsəfi təlim zəminində yetişdiyini deyən Sərxan Xavəri diqqətə çatdırıb ki, ədibin şeirlərindəki fəlsəfi ideyaların əsasında hürufilik dayanır: “Nəsimi poeziyası orta əsrlərin məfkurə məhdudiyyətinə qarşı yönəlmiş fikrin üsyanıdır. İstər ayrılıqda Azərbaycan, istərsə də bütövlükdə ümumtürk bədii fikri tarixində şair və ictimai mühit konflikti az-az hallarda bu qədər kəskin xarakter alır. Şərqdə, o cümlədən Azərbaycanda Nəsimidən əvvəl və sonra yaşayıb-yaratmış bütün şairlər “gərdun”, “fələk”, “dövr”, “dünya” və s. ifadələr altında ictimai mühitə qarşı etiraz edirdilər”.

Sərxan Xavəri Nəsimi poeziyasının milli bədii düşüncə tariximizdə özünəməxsusluğu ilə seçildiyini, onun filoloji, fəlsəfi və sosioloji aspektlərdən təhlil olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, Nəsiminin varlığı dərketmə modelinin təməlində haqq (Allah), cahan, insan, söz anlayışları dayanır.

Məruzəçi, həmçinin Nəsimi poeziyasında insan obrazının orta əsrlər poetik fikir tarixində ən yüksək zirvəyə qalxdığını söyləyib.

Seminarda mövzu ətrafında çıxışlar olub, fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.