ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunda İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri ilə görüş keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, İraq–Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraqda nəşr olunan “Sadaka” qəzetinin baş redaktoru doktor Mumtaz Muhiddin Abdelhamedlə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Görüşdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva tanınmış alim və ictimai xadim Mumtaz Muhiddin Abdelhamedin İraq – Azərbaycan əlaqələrinin möhkəmlənməsində xidmətlərindən danışıb. O, iraqlı alimin 10-a yaxın tarixi əsərin, Qarabağ müharibəsi ilə bağlı kitabın və 50-yə yaxın məqalənin müəllifi olduğunu qeyd edib.
Mumtaz Muhiddin Abdelhamed İraq və Azərbaycanın dostluq əlaqələrinin möhkəmləndirilməsində görülən işlərdən bəhs edib. Qonaq təmsil etdiyi qurumların Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığının qurulmasının, birgə konfransların keçirilməsinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb.
İraqlı alim müəllifi olduğu “Qarabağ – münaqişənin tarixi” kitabını akademik Gövhər Baxşəliyevaya təqdim edib. O, həmçinin Gövhər Baxşəliyavnın iki həftə öncə İraqda keçirilmiş “Azərbaycan ədəbiyyatında mütaliə-şair Füzuli əl-Bağdadi nümunəsində” adlı beynəlxalq konfransda iştirakı ilə bağlı İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyinin sertifikatını təqdim edib.
Mumtaz Muhiddin Abdelhamed Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi ilə bağlı da kitab yazdığını və yaxınlarda çap olunacağını bildirib.
Daha sonra Şərqşünaslıq İnstitutunun ərəbşünas əməkdaşları apardıqları tədqiqatlar barədə qonağa məlumat veriblər. Mumtaz Muhiddin Abdelhamed institut əməkdaşlarını maraqlandıran sualları cavablandırıb.