ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutunda Nizami Gəncəviyə həsr olunmuş növbəti seminar

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə təşkil edilən tədbirlər çərçivəsində növbəti seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri institutun direktoru akademik Gövhər Baxşəliyeva açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsini xatırladıb.

Qeyd olunub ki, bununla əlaqədar AMEA-da tədbirlər planlaşdırılaraq həyata keçirilir. Şərqşünaslıq İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair tədqiqatlar aparılır, kitablar nəşr edilir, oktyabrda isə bu mövzuda konfrans təşkil ediləcək. Eyni zamanda, Nizami Gəncəvi yaradıcılığına aid mütəmadi seminarların keçirilməsi davam edir.

Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Mehdi Kazımov Nizami Gəncəvinin Şərq ədəbiyyatının istiqamətini dəyişdiyini, ondan sonra böyük nəzirə ədəbiyyatının yaradıldığını deyib. O, Nizami yaradıcılığı istiqamətində daim araşdırmalar aparılmasının vacibliyini bildirib.

Seminarda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli “Nizami nəzmində cəvahirat adlarının linqvopoetik funksiyaları” mövzusunda məruzə edib.

Ş.Əlibəyli bildirib ki, cəvahirat adları maraqlı bir söz təbəqəsi kimi Nizami nəzmində geniş yer tutaraq, almaz, bicadə (yaqut növü), cəz (qara xal-xal daş), dürr, əqiq, firuzə, yaqut, kəhrəba, lacivərd, ləl, loulou (xırda mirvari) mirvari, mərcan, yaqut, zebərcəd (sarı yaqut), zümrüd kimi nominasiyaları təşkil edir. Nizami Gəncəvi qiymətli daş adlarını nəzmə çəkərək, əsərlərində zəngin poetizmlər təbəqəsi yaratmış, bu sözlər də öz parlaqlığı ilə Nizaminin söz inciləri sırasına düzülmüşlər. Şair qiymətli daşların rəng, keyfiyyət, parlaqlıq və məkanını müxtəlif mövzularda nəzmə çəkərək, poetik mətnin təşkilində dəfələrlə onlara müraciət etmiş, gözəl məcazlar yaratmışdır.

Qeyd edilən daş adları ilə bağlı Nizami yaradıcılığından müxtəlif nümunələr gətirən məruzəçi dahi şairin nəzmində qiymətli daş adlarının səciyyəvi olan, diqqəti cəlb edən leksik–semantik və üslubi xüsusiyyətlərindən geniş bəhs edib.

Məruzədə Nizami yaradıcılığında rənglərin, o cümlədən bitkilərin rənginin qiymətli daş adları ilə ifadəsindən, bu cür adların yer aldığı izafət tipli təşbehlərdən, onların sinonimliyindən istifadə edilməsindən, məkanla bağlı müxtəlif ifadələrdə işlənərək, ənənəvi təşbehlər yaratmasından, tərkibində belə sözlərin olduğu mürəkkəb sözlərdən, Nizami nəzminə xüsusi rövnəq verən qiymətli daş adlarının yer aldığı səciyyəvi poetik fiqurlardan, cəvahirat adlarının bədən üzvlərinin adlarını bildirən sözlərlə tənasübdə işlənərək məcaz yaratmasından və digər məqamlardan danışılıb.

Daha sonra məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.