ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunda “Peyğəmbərlər” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda yəhudi dininin müqəddəs kitabı “Tanax”ın ikinci hissəsi olan “Peyğəmbərlər” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq multikultural Azərbaycan cəmiyyətində “Tanax”ın dilimizə tərcüməsinə böyük ehtiyac olduğunu söyləyib.
Akademik institutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqovun 2019-cu ildə ölkəmizdə ilk dəfə “Tanax”ın birinci hissəsi olan “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə etdiyini xatırladıb. Hazırda təqdim edilən “Peyğəmbərlər” kitabının “Tanax”ın ikinci hissəsi olduğunu qeyd edib. O, Teymur Sadıqovun bu tərcümələrinin işıq üzü görməsinin həm də Azərbaycan şərqşünaslıq elmində hebraistika sahəsinin başlanmasına bir göstərici olduğunu qeyd edib. Bildirilib ki, akademik səviyyədə yerinə yetirilmiş bu tərcümələrdən sonra Azərbaycan şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaq.
Gövhər Baxşəliyeva “Peyğəmbərlər” kitabının da dünyanın bir necə dillərinə tərcümə olunduğunu, lakin Azərbaycan dilində ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsinin indiyədək olmadığını vurğulayıb. O, “Peyğəmbərlər” kitabının özündə cəmləşdirdiyi kitabların əsasən tarixin xronoloji bir dövrünü əhatə etdiyini, iki bölməyə bölündüyünü, birincisinin əsasən tarixi xüsusiyyət daşıdığını, ikincisinin isə əsasən təbliğçilik xüsusiyyətli peyğəmbərliklərdən ibarət olduğunu qeyd edib.
Teymur Sadıqov “Tanax”ın tərcümə etdiyi birinci hissəsi olan “Tövrat” və ikinci hissəsi olan “Peyğəmbərlər” kitabı barədə məlumat verib və tərcümə kitablarının redaktorlarına, məsləhətçilərə, rəyçilərə və çapına dəstəyini göstərənlərə öz təşəkkürünü bildirib. Qeyd edib ki, “Tanax”ın üçüncü hissəsi “Yazılar” kitabının da tərcüməsi üzərində hazırda işlər gedir və bu işi ilin sonuna kimi bitirməyi planlaşdırır.
Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik Teymur Sadıqovu uğurlu işlərinə görə təbrik edib. Sonra “Tövrat” və “Peyğəmbərlər” kitabları Corc Dikə təqdim edilib.
Professor Qəzənfər Paşayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı, Şərqşünaslıq İnstitutunun əməkdaşları Məmmədəli Babaşlı və Laura Orucova çıxış edərək Teymur Sadıqovun ibrişünaslıq sahəsində dəyərli tədqiqatları və tərcümələri ilə seçildiyini, təqdim edilən uğurlu tərcümələri ilə bir ilkə imza atdığını bildiriblər.