ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutunda Ulu Öndərin anadan olmasının 98-ci ildönümü qeyd edilib

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan xalqının taleyində ümummilli lider Heydər Əliyevin əvəzedilməz rolundan danışıb. O, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrünün Ulu Öndərin adı ilə sıx bağlı olduğunu və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunduğunu qeyd edib.

Akademik Ulu Öndərin sovet dövründə respublikamıza rəhbərlik edərkən gördüyü işlərdən söz açıb, görkəmli dövlət xadiminin müstəqilliyin ilk ağır illərində hakimiyyətə qayıdıb həyata keçirdiyi müdrik daxili və xarici siyasəti sayəsində ölkəmizi bütün çətinliklərdən xilas edərək inkişafının əsasını qoyduğunu, Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət qurduğunu söyləyib. G.Baxşəliyeva deyib: “Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, azərbaycançılıq ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası, nail olduğu yüksək iqtisadi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.

Ulu Öndərin 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan akademik G.Baxşəliyeva həmin görüşdən sonra ölkədə elmin inkişafı, elmi-texniki potensialın gücləndirilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirildiyini qeyd edib.

Gövhər Baxşəliyeva ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük düha sahibi, təcrübəli diplomat və siyasətçi, ictimai xadim, ən əsası vətənpərvər və dərin milli ruha malik bir insan olduğunu deyib. Bildirib ki, Ulu Öndər hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həyata keçirdiyi daxili və xarici siyasətinin uğurla nəticələnəcəyinə, Qarabağ müharibəsində qəhrəman Azərbaycan xalqının Qələbəsinə inanırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə, eyni zamanda, Heydər Əliyev dühasının, onun azərbaycançılıq ideologiyasının qələbəsidir.

Tədbirdə institutun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova və başqaları çıxış edərək müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndərin Azərbaycan dövlətinin inkişafındakı mühüm xidmətlərdən söz açıblar və unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.