ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunda beynəlxalq Yunus Əmrə simpoziumunun materialları çap olunub
Bakı, 28 yanvar, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirilmiş “21-ci əsrdə Yunus Əmrəni anlamaq” mövzusunda beynəlxalq Yunus Əmrə simpoziumunun materialları çap olunub.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, Yunus Əmrənin vəfatının 700-cü ildönümündə UNESCO tərəfindən elan edilmiş “Yunus Əmrə İli” münasibətilə keçirilmiş simpoziumun təşkilatçıları AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Mehmet Akif Ərsoy Vəqfi olub.
Dərc olunmuş topluda ümumilikdə simpoziumda dinlənilmiş 41 məruzənin tam mətni təqdim edilir. Topluda akademik İsa Həbibbəylinin “Yunus Əmrə zirvəsi”, akademik Gövhər Baxşəliyevanın “Əsrlərdən günümüzə səslənən Yunus Əmrə”, Səadət Şıxıyevanın “Yunus və Nəsiminin “müştərək” şeirləri”, Rəna Rzayevanın “Yunus Əmrə mənəviyyatı”, Xuraman Hümmətovanın “Yunus Əmrə şeirində dünya modelinin poetik funksionallığı”, Barat Osmanovanın “Yunus Əmrə şeirlərində ilahi eşq” və digər məruzələrin mətnləri dərc olunub.
Türkiyə alimlərindən Mustafa Tatcının “Yunus Əmrəyə müqəddimə”, Leyla İpekçinin “Yunusca yaşamaq, sevmək və yaratmaq”, Nurullah Çətinin “Yunus Əmrədə birlik fikri”, Tolqa Keskinin “Yunus Əmrədə məna dilinin inşasında iqtisadi metaforalar”, Özbəkistan alimlərindən Həmidullah Baltabayevin “Yunus Əmrə və özbək divan ədəbiyyatında Xoca Əhmət Yəsəvinin təsirləri”, Hülkaroy Baltabayevanın “Yunus Əmrə və Mehmet Akif Ərsoyun əsərlərində mərifət qavramları” və digər mövzularda məruzələrin mətni oxuculara çatdırılır.