MƏDƏNİYYƏT


Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı

Bakı, 3 mart, AZƏRTAC

Martın 3-də akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə təşkil edilən tədbirlər çərçivəsində “Nizami və Şərq ədəbiyyatı” mövzusunda seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində elmi müəssisədə görüləcək işlərdən danışıb. Qeyd edib ki, institutda “Nizami Gəncəvi yaradıcılığı və Şərq ədəbiyyatları qarşılıqlı təsir və əlaqə kontekstində” mövzusu üzrə tədqiqatlar aparılacaq. Şərqşünas alimlərin “İranda nizamişünaslığın tarixi”, “İranda İslam inqilabından sonra Nizami şəxsiyyəti və ədəbi-bədii irsinə münasibət”, “Nizami yaradıcılığı ümumbəşəri dəyərlər kontekstində”, “Müasir ərəb ədəbiyyatşünaslığında Nizami Gəncəvi” və digər mövzularda araşdırmalar aparmaları, məqalələr yazmaları planlaşdırılır. Akademik Gövhər Baxşəliyevanın “Bir daha Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında”, professor Mehdi Kazımovun “Nizami “Xəmsə”si və farsdilli ədəbiyyat (16-18-ci əsrlər)”, Pərvin Əsədullayevanın “Nizami “Xəmsə”sində zaman konseptinin linqvistik ifadə vasitələri” əsərləri, eləcə də filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadə tərəfindən fars dilindən tərcümə edilən Nizami məktəbinin ardıcılı Hatifinin “Həft mənzər” əsəri nəşr olunacaq. İran alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət toplunun hazırlanması və nəşri də planlaşdırılır. Bu il institutda “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq konfrans, həmçinin “Azərbaycan şərqşünaslarının nizamişünaslığa töhfəsi” mövzusunda elmi sessiya, eləcə də mütəmadi olaraq seminarlar keçiriləcək.

Seminarda institutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, professor Mehdi Kazımov “Nizami və Şərq ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Nizaminin “Xəmsə”si təkcə Şərqdə epik yaradıcılığın inkişafına güclü təkan verməyib, eyni zamanda, Nizami ədəbi məktəbi kimi bir fenomenin ortaya çıxması ilə nəticələnib. Bu məktəbin əsasını Nizami “Xəmsə”sinə eyni ad altında nəzirələr təşkil edirdi. Ənənə orta əsrlərboyu və hətta daha sonrakı dönəmlərdə davam edib. M.Kazımov qeyd edib ki, Nizaminin şeirlərindən ilham alan yüzlərlə şair ona nəzirə yazıb, lakin heç biri Azərbaycan şairinin səviyyəsinə yüksələ bilməyib.

Məruzəçi həmin nəzirələrdən ətraflı danışıb, onların müəlliflərinin Şərqdə nəzirə ədəbiyyatı formalaşdırdıqlarını deyib.

Daha sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.