ELM VƏ TƏHSİL
Şərqşünaslıq elminin inkişaf strategiyası müzakirə edilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun direktoru akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə keçirilən iclasda “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması üçün təqdim olunan təkliflər müzakirə edilib.
Hazırlanan sənədə əsasən, qeyd olunan illərdə Şərqşünaslıq İnstitutunun qarşısına Şərq ölkələrində cərəyan edən ictimai-siyasi, iqtisadi, dini və etnik proseslərin, bu ölkələrin beynəlxalq münasibətlər sistemində rolunun, Azərbaycanla əlaqələrinin öyrənilməsi, Şərq ölkələrinin iqtisadi inkişafı və Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinin diqqət mərkəzində saxlanılması, Azərbaycanın xarici siyasətində Şərq amilinin, Prezident İlham Əliyevin Şərq siyasətinin ətraflı tədqiq edilməsi, türkdilli xalqların inteqrasiyası və müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin araşdırılması vəzifələri qoyulur. Həmçinin Qarabağ və Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətinə həsr olunmuş müxtəlif materialların Şərq dillərində yayımlanması, Yaxın və Orta Şərq ölkələrində ictimai fikir və din tarixinin və Azərbaycanda dini durumun hərtərəfli öyrənilməsi, Azərbaycan və Şərq xalqlarının tarixinə, ədəbiyyatına, elminə və mədəniyyətinə aid əlyazmaların və qədim mənbələrin tekstoloji tədqiqi və təhlilinin, şərhli tərcüməsinin və nəşri, Şərq ədəbiyyatlarının və filologiyasının tədqiqi, müxtəlif Şərq ölkələrinə aid təhlili-analitik bülletenlərin müntəzəm hazırlanaraq yayımlanması kimi vəzifələr qoyulur.
Sənəddə qeyd edilir ki, Şərqşünaslıq İnstitutunda aparılan tədqiqat işləri müasir dünyada gedən qlobal proseslərin mahiyyətinin anlaşmasında, problemlərin köklərinin üzə çıxmasında və dövlətimizin strateji maraqlarına xidmət edən xarici siyasət kursunun müəyyənləşməsində xüsusi önəm daşımalıdır.
İclasda elmlər və fəlsəfə doktorluğu üzrə dissertantura və doktoranturaya qəbullarla bağlı məsələyə baxılıb. Üç nəfər fəlsəfə və 4 nəfər elmlər doktoru üzrə qəbul olunan dissertant və doktorantların mövzuları müzakirə olunaraq təsdiqlənib.
Elmi şurada institut əməkdaşlarının 3 kitabının, eləcə də 2 konfrans materialının çap olunmaq üçün müzakirəsi aparılıb.
Daha sonra oktyabrda institutda keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb, 2021-ci ilin plan işlərinin yerinə yetirilməsi vəziyyəti nəzərdən keçirilib.