ELM VƏ TƏHSİL
Sertifikatlaşdırılma prosesi müəllimlərin öz biliklərini daim artırmasına motivasiya olacaq
Bakı, 30 avqust, AZƏRTAC
Səkkiz ildir pedaqoji fəaliyyətlə məşğulam. Müəllimlərin işə qəbulu müsabiqəsində və diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmişəm. Sevinirəm ki, ilk dəfə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanında da yüksək nəticə göstərdim.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 58 bal toplayan ibtidai sinif müəllimi Kəmalə İbrahimova deyib. O bildirib ki, sertifikatlaşdırılma prosesi müəllimlərin öz fənləri üzrə biliklərini daim artırmasına motivasiya olacaq.
“Sertifikatlaşma imtahanına ciddi hazırlaşırdım. Amma bu nəticəni gözləmirdim. Düşünürdüm ki, tələsib səhv edərəm. Məqsədimə çatmaq üçün çox çalışdım və istədiyimə nail oldum. Bütün müəllimlərə uğurlar arzulayıram”, - deyə Kəmalə İbrahimova qeyd edib.
Qeyd edək ki, avqustun 30-dan etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb. Test imtahanı 8 mərkəzdə keçirilir. Sertifikatlaşdırılmanın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Nəticələr təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
İki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olan sertifikatlaşdırmada ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) iştirak etməyəcəklər.