Sertifikatlaşdırma ilə bağlı sınaq imtahanlarına start verilir
AzerTAg.az

Bakı, 22 may, AZƏRTAC
Sertifikatlaşdırma imtahanlarına hazırlaşan müəllimlərə dəstək məqsədilə Təhsil İnstitutu sınaq imtahanlarına start verir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn formada təşkil ediləcək sınaq imtahanları Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub.
Sınaq imtahanı mayın 25-də keçiriləcək. İmtahan linkinə saat 10:00-dan saat 20:00-dək daxil olmaqla imtahanda iştirak etmək mümkündür. İmtahan linkinin bütün gün açıq olmasına baxmayaraq, hər bir müəllimin yalnız bir dəfə 120 dəqiqə ərzində sınaq imtahanında iştirak etmək imkanı olacaq. İmtahan vaxtı bitən kimi cavablar avtomatik olaraq sistemə göndəriləcək və nəticəniz dərhal ekranda görünəcək. Sınaq imtahanlarında istifadə edilən sual nümunələri düzgün cavabları ilə imtahandan sonra Təhsil İnstitutunun rəsmi saytında yerləşdiriləcək.
Qeyd edək ki, bu il təkrar imtahanda iştirak edəcək ibtidai sinif müəllimləri də sınaq imtahanına dəvət olunublar.
Müəllim sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS qrupu) mövcud qrupuna daxil olub ona dəvət gəlməsindən əmin olmalıdır. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəllər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir.
Xəbərin mətnində orfoqrafik səhv var