ELM VƏ TƏHSİL
Sertifikatlaşdırma prosesi ilə bağlı maarifləndirici görüşlərə başlanılıb
Bakı, 3 mart, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərlə maarifləndirici görüşlərə start verilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilk görüş Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri ilə keçirilib.
Görüş çərçivəsində qeyd olunan fənlər üzrə həmin məktəblərdə çalışan 300-ə yaxın müəllimlə müzakirə aparılıb. Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması imtahanının qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib.
Bununla yanaşı, müəllimlərə dəstək məqsədilə institutun rəsmi feysbuk səhifəsində mütəmadi olaraq vebinar və materiallar paylaşılır.
Qeyd edək ki, 2023-cü ildə dövlət ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif fənləri üzrə dərs deyən bütün müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.