ELM VƏ TƏHSİL
Sertifikatlaşdırmanın test imtahanı mərhələsində 60 sual təqdim olunacaq
Bakı, 12 may, AZƏRTAC
Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin feysbukda təşkil etdiyi “Təhsil masası” adlı həftəlik brifinqdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov söyləyib.
Qeyd edək ki, bu həftənin “Təhsil masası” təhsilverənlərin sertifikatlaşdırılması mövzusuna həsr edilib. Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.