REGİONLAR
Şərur: Altı ayda 3,1 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunub
Şərur, 31 iyul, AZƏRTAC
Şərur rayonunda bu ilin məhsulu üçün 17 min 115 hektar sahədə əkin aparılıb. Bunun da 4 min 348 hektarını buğda və arpa təşkil edir. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq intensiv amillər hesabına artırılıb. Bunun nəticəsində altı ayda 49 milyon 486,8 min manatlıq müxtəlif bitkiçilik və heyvandarlıq məhsulları istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov tərəfindən səsləndirilib.
Kamal Cəfərov bildirib ki, cari ilin altı ayında Ərəbyengicə kəndində bir sıra sosial obyektlər istifadəyə verilib. Hazırda İbadulla, Kərimbəyli və Kosacan kəndlərində məktəblər, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası və digər obyektlər inşa olunur, rayon mərkəzində Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan Avtomobil Zavodunun Texniki Servis Mərkəzi, uşaq poliklinikası tikilir. Kapitan Seyidov küçəsindəki 7 nömrəli beşmərtəbəli yaşayış binasının əsaslı təmiri, Yengicə kəndində XVIII əsrə aid hamamın bərpası, Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə və Siyaqut-Kosacan kəndlərini birləşdirən avtomobil yollarına asfalt örtüyün salınması işləri davam etdirilib.
Kamal Cəfərov deyib: “Həyata keçirilmiş meliorativ tədbirlər sayəsində kəndlərdə 339 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq əkin üçün yararlı hala gətirilib. Heyvandarlıq və arıçılıq kənd təsərrüfatında xüsusi çəkiyə malik olan sahələrdəndir. Hazırda rayonda 37 min 359 baş iribuynuzlu mal-qara, 137 min 28 baş xırdabuynuzlu heyvan, 358 arı təsərrüfatında 9 min 124 arı ailəsi var”.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında müntəzəm davam etdirilən ekoloji siyasət təbiətin yaşıl örtüyünün qorunmasında və artırılmasında əhəmiyyətli rol oynayır. Şərurda iməciliklər yolu ilə aparılan yaşıllaşdırma tədbirləri çərçivəsində 5,25 hektar sahədə yeni meyvə bağları salınıb, 10 hektarda bərpa işləri aparılıb. Sahibkarlar tərəfindən isə 24,73 hektar sahədə müxtəlif növ meyvə tingləri əkilib. Rayonda üzümçülük ənənələrinin bərpa olunması üçün aparılan tədbirlər bəhrəsini verib, müxtəlif kəndlərdə 4 hektara yaxın üzüm bağı salınıb. Bu ilin yazında isə əkin materialı hazırlamaq məqsədilə 0,4 hektar sahəyə 40 min ədəd üzüm çubuğu basdırılıb. Hazırda həmin sahədə becərmə işləri davam etdirilir.
Rayon icra hakimiyyətinin başçısı əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramının icrası istiqamətində görülən işlərdən də danışıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.