REGİONLAR
Şərur rayonunda 85 hektardan çox sahədə kartof əkini aparılıb
Şərur, 8 mart, AZƏRTAC
Şərur rayonunun torpaq mülkiyyətçiləri növbəti ilin məhsulu üçün kartof əkininə başlayıblar. Kartof əkiləcək sahələrdə hələ ötən ilin payızında lazımi dərinlikdə şum qaldırılıb, şumdan əvvəl sahələr üzvi gübrələrlə zənginləşdirilib. Bu günədək artıq 85 hektardan çox sahədə kartof əkini aparılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikamızın ən böyük aqrar rayonu hesab edilən Şərurda bu sahədə hər il uğurlu göstəricilərə nail olunur. Kənd əməkçiləri göstərilən dövlət qayğısı, həmçinin ilbəil qazandıqları təcrübələr nəticəsində əldə edilən məhsulun intensiv artımına nail olurlar. Təkcə ötən il 1076 hektar əkin sahəsindən 16 min 357 ton kartof istehsal edilib.
Rayonun torpaq mülkiyyətçiləri digər əkin sahələrində də işə başlayıblar. 11,6 hektardan çox sahədə soğan, 20 hektara yaxın sahədə sarımsaq, 0,2 hektardan çox sahədə noxud əkən şərurlular heyvandarlığın yem bazasını zənginləşdirmək üçün 257 hektardan çox sahədə yonca əkiblər.
Əkin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün əvvəlcədən həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, bu il də şərurlu zəhmət adamlarının əməyi sayəsində bol və keyfiyyətli məhsul yetişdiriləcək. Əkində yüksək məhsuldar toxum sortlarından istifadə olunur, əkinçilərə hərtərəfli kömək göstərilir.