REGİONLAR


Şərur rayonunda “Maliyyə məktəbi” layihəsi çərçivəsində təlim təşkil edilib

Şərur, 19 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində gənc dövlət qulluqçularının iştirakı ilə “Gələcək üçün maliyyə” təlimi keçirilib.

Maliyyə Tədris Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Şərur rayonundan olan gənclərin iştirakı ilə keçirilən təlimin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, maliyyə savadlılığını təşviq etmək, onları gəlir, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaq olub.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova muxtar respublikada gənclərə göstərilən dövlət qayğısı, gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən təlim və seminarlar haqqında ətraflı danışıblar. Bildiriblər ki, fərqli mövzularda keçirilən seminarlar, təlimlər rayon gənclərində dünyagörüşün artırılmasına, gələcək karyera istiqamətləri üçün yeni bilik və bacarıqların qazanılmasına müsbət təsir edir və onların şəxsi inkişaflarına kömək olur. Davamlı olaraq keçirilən təlimlər də məhz bu məqsədə xidmət edir.

Daha sonra Maliyyə Tədris Mərkəzinin təlimçiləri İbrahim Şərifov və Kərim Nəcəfov “Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat veriblər.

Təlim müddətində mövzular ətrafında hazırlanmış suallardan ibarət intellektual yarışlar keçirilib, yarışların nəticələrinə əsasən ilk 3 yeri tutmuş komandalar təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar.

Təlimdə 40 nəfər gənc iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.