REGİONLAR
Şərur rayonunda ailə təsərrüfatlarının yaradılmasına dəstək göstərilir
Şərur, 9 iyul, AZƏRTAC
Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri də ailə təsərrüfatlarıdır. Bu gün Naxçıvanda ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni təsərrüfatların yaradılmasının dəstəklənməsi, onların fəaliyyətinin stimullaşdırılması, qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Şərur rayonunun Məmmədsabir kəndinin icra nümayəndəliyində rayonda fəaliyyət göstərən ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə keçirilən seminar-müşavirədə danışılıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə ailə təsərrüfatlarının inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planından irəli gələn vəzifələrin icrasının önəmi vurğulanıb. Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının aid təşkilatların nümayəndələri tərəfindən ailə təsərrüfatları və torpaq mülkiyyətçilərinə mütəxəssis məsləhətləri verilib.
Tədbir iştirakçıları ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatçılarının kiçik sahibkarlıq subyektlərinə çevrilmələri prosesi ilə bağlı məlumatlandırılıblar. Həmçinin, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması və qablaşdırılması, necə realizə olunması barədə geniş məlumat ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər təqdim olunub.