REGİONLAR
Şərur rayonunda keçirilən taktiki-xüsusi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub
Şərur, 24 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və müvafiq strukturları tərəfindən muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin оlunması sahələri üzrə təlimlər davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, növbəti təlim Şərur rayonunda keçirilib. “Yanacaqdoldurma məntəqələrində yanğınların söndürülməsi və zərərçəkmişlərin axtarışı və xilas edilməsi” mövzusunda keçirilən taktiki-xüsusi təlim rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Plana uyğun olaraq “Könül” yanacaqdoldurma məntəqəsində və çənlərdə şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.
Təlimə Şərur Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin, ümumilikdə, 18 nəfər şəxsi heyəti, 3 yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Təlimin keçirilməsində məqsəd yanacaqdoldurma məntəqələrində və çənlərdə baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə göstərilməsi, qarşılıqlı əlaqənin təşkili, yanğınsöndürənlərin peşə vərdişlərinin artırılması və zərəçəkmişlərin xilas edilməsinin şəxsi heyətə öyrətməkdən ibarət olub.