REGİONLAR
Şərur rayonunda taxıl biçini zamanı yanğın təhlükəsizliyi tədbirlərinə xüsusi diqqət yetirilir
Şərur, 8 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının digər bölgələrində olduğu kimi, Şərur rayonunda da taxıl biçini təhlükəsizlik qaydalarına riayət edilməklə davam etdirilir.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimat keçirlər.
Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin bölmə rəisi, daxili xidmət mayoru Şıxəli Əliyev qeyd edib ki, biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Ərazidə kotanlı traktorlar saxlanılır, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilmir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi, onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.
Yığım maşınlarının diyircəklərinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədilə onların vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunur, kombaynların, digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənir. Bu isə yanğın təhlükəsizliyi baxımından əhəmiyyətlidir.