REGİONLAR
Şərur rayonunun ailə təsərrüfatçıları yazlıq bitkilərin əkininə başlayıblar
Şərur, 20 fevral, AZƏRTAC
Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun ailə təsərrüfatçıları yazlıq bitkilərin əkininə başlayıblar. İlkin olaraq sahələrə kartof əkilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Muğancıq-Müslüm, Sərxanlı və digər kəndlərində sahələrə məhsuldar növlü toxumlar əkilir, aqrotexniki qaydalara əməl edilir. Geniş torpaq sahələri, müasir texnikaları, maşın və mexanizmləri olan rayon təsərrüfatçıları mütərəqqi metodları tətbiq etməklə bu il də məhsuldarlığı artırmağı düşünürlər.
Kartofçuluq Şərur rayonunun iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Hər il qədim əkinçilik diyarında min tonlarla kartof istehsal edilərək bazar və yarmarkalara çıxarılır, muxtar respublika əhalisinin bu vacib ərzağa olan tələbatı yerli imkanlar hesabına ödənilir. İlin bu vədəsində əkilən kartof isə may-iyun aylarında əhalinin faraş məhsula olan tələbatını təmin edəcək.