REGİONLAR
Şərur rayonunun ictimai həyatında fərqlənən gənclər mükafatlandırılıb
Şərur, 26 dekabr, AZƏRTAC
Şərur Rayon Olimpiya İdman Kompleksində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə rayonun ictimai həyatında və idman sahəsində fərqlənən yeniyetmə və gənclərin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasim Şərur Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zəhra Bayramova, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev, Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyidovun çıxışları olub.
Çıxış edənlər bildiriblər ki, müstəqil Azərbaycan Respublikasının uğurlu gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib. Son illər bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.
Qeyd edilib ki, gənclərimizin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, bu sahədə müvafiq dövlət proqramlarının qəbulu, bütövlükdə, gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdəndir. Çıxış edənlər gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonra Şərur rayonunun ictimai həyatında fərqlənən 50-dən çox fəal gəncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin qiymətli hədiyyələri təqdim olunub.