REGİONLAR
Şərur və Kəngərli rayonlarında çağırışçı gənclər ordu sıralarına yola salınıblar
Şərur, 19 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur və Kəngərli Rayon idarələrində gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, hər bir çağırışçı hərbi xidmət dövründə yaradılan şəraitdən istifadə edərək, qüsursuz xidmət keçməli, intizamlı olmalı, komandir və rəislərin əmrlərinə sözsüz tabe olmalı, verilən tapşırıqları, dəqiq, sözsüz icra etməlidir.
Bildirilib ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda maddi-texniki bazasına, hərbi potensialına, döyüş imkanlarına, kadr hazırlığına və digər hərbi göstəricilərinə görə ilk sırada dayanır. Otuz il işğal altında olan torpaqlarımızı 44 günlük müharibədə düşməni məhv edərək geri alan müzəffər ordumuz ötən il bunu bir daha sübut etdi.
Çağırışçılar Vətənə xidmətə yollandıqlarına görə qürur duyduqlarını bildirib, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz veriblər.