REGİONLAR
Şərur və Ordubad ağır atletika bölmələrinin idmançıları güclərini sınayıblar
Şərur, 12 iyun, AZƏRTAC
Şərur və Ordubad ağır atletika bölmələrinin idmançıları yoldaşlıq görüşündə qüvvələrini sınayıblar. Şərur Olimpiya-İdman Kompleksində reallaşan yarışda idmançılar birdən və təkanla qaldırma hərəkətlərini icra ediblər. Nəticə iki hərəkətin cəminə əsasən hesablanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2011-2013-cü illər təvəllüdlü atletlər arasında Məhərrəm Qurbanlı (65 kiloqram), İbrahim Allahverdiyev (41 kiloqram), Mikayıl Novruzov (39 kiloqram) və Ramal Cəlilov (28 kiloqram) fərqləniblər.
2004-2008-ci il təvəllüdlü atletlər arasında isə Həsən Babayev (175 kiloqram), Gülcahan Əliyeva (103 kiloqram), İlkin Kərimov (71 kiloqram) və Əlirza Hüseynov (50 kiloqram) uğurlu nəticəyə nail olublar.
Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov turnirin keçirilmə məqsədi, ağırlıqqaldırma idman növünün inkişafı barədə danışıblar.
Sonra yarış iştirakçılarına diplom təqdim olunub.
Gənclər və İdman Nazirliyi və Atletika Federasiyası tərəfindən birgə təşkil olunan yoldaşlıq görüşündə 16 idmançı iştirak edib.