ELM VƏ TƏHSİL
Şərurda Orta Tunc dövrünün erkən mərhələsinə aid qala divarları aşkarlanıb
Bakı, 14 iyul, AZƏRTAC
2016-cı ilin iyun-iyul aylarında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Orta Tunc dövrünün erkən mərhələsinə aid qala divarları aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin sözlərinə görə, karbon analizlər qala divarının eramızdan əvvəl III minilliyin sonunda, eramızdan əvvəl 2135-ci ildə inşa edildiyini göstərir.
İndiyədək Yaxın Şərq və Cənubi Qafqazda eramızdan əvvəl III minilliklə tarixlənən qala divarları aşkarlanmadığından bu fenomenal hadisə regionun tarixi üçün inqilabi hadisə kimi qiymətləndirilir. Orta Tunc dövrünə aid qala tipli yaşayış yerləri Naxçıvan üçün xarakterikdir. Müdafiə tikintilərinin mövcudluğu eramızdan əvvəl III minillikdə Naxçıvan ərazisində böyük hərbi potensiala malik güclü tayfa ittifaqının formalaşdığını göstərir.