İQTİSADİYYAT
Sərxan Həşimov “Microsoft”un MDB üzrə idarə heyətinin üzvü seçilib
Bakı, 28 noyabr, AZƏRTAC
“Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov “Microsoft”un MDB üzrə idarə heyətinin üzvü seçilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, S.Həşimovun əsas vəzifələri “Microsoft”un biznesinin Türkmənistan və Tacikistanda inkişafı, o cümlədən bulud texnologiyaları sahəsində, əsas tərəfdaşlar və sifarişçilərlə işgüzar əlaqələrin qorunub saxlanması, həmçinin dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın inkişafı və nümayəndəliyin komandasına rəhbərlik etməsindən ibarətdir.
“Türkmənistan və Tacikistan bazarları bizim şirkətin bulud və mobil texnologiyaları, platforma həlləri və birgə iş üzrə vəsaitlər kimi prioritet istiqamətlərini uğurlu inkişaf etdirməsi üçün lazımi xüsusiyyətlərə malikdirlər. Əminəm ki, missiyamızı icra edərək – insanlara və təşkilatlara daha çox nailiyyət qazanmaqda yardım göstərərək biz ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına öz töhfəmizi verə biləcəyik”, - deyə S.Həşimov bildirib.