Sərxoş halda 6 avtomobilə ziyan vuran şəxs saxlanılıb VİDEO
AzerTAg.az
Bakı, 22 fevral, AZƏRTAC
Nizami rayonunda sərxoş vəziyyətdə 6 nəqliyyat vasitəsinə qəsdən ziyan vuran şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonunda müxtəlif ünvanlarda saxlanılan avtomobillərə gecə saatlarında naməlum şəxs tərəfindən qəsdən ziyan vurularaq cızılıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalar zamanı həmin şəxsin 6 nəqliyyat vasitəsinə ziyan vurduğu müəyyən edilib. Hadisələri törətməkdə şübhəli bilinən Ramil Quliyev 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb. Həmin şəxs ifadəsində hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirib.
Qeyd edək ki, Ramil Quliyevin nəqliyyat vasitələrinə ziyan vurması binaların müşahidə kameraları vasitəsilə də lentə alınıb. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.
Xəbərin mətnində orfoqrafik səhv var