MƏDƏNİYYƏT
Sesil Düvel: Azərbaycan UNESCO-nun fəaliyyətinə çox böyük töhfələr verir VİDEO
Bakı, 4 dekabr (AZERTAC). Azərbaycan UNESCO-nun mühüm tərəfdaşlarından biridir. Rəsmi Bakı qurumun fəaliyyətinə çox böyük töhfələr verir.
Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında iştirak edən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın katibi xanım Sesil Düvel AZƏRTAC-a müsahibəsində söyləmişdir.
S.Düvel Bakıda keçirilən bu sessiyanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının qəbulunun 10 illik yubileyinə təsadüf etdiyini bildirmiş, yüksək səviyyədə təşkil edilmiş tədbirin əhəmiyyətini vurğulamışdır. O demişdir ki, hər il olduğu kimi, bu il də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil ediləcək müxtəlif elementlərə baxılır, Konvensiyanın gələcəyi ilə bağlı müzakirələr aparılır. Hökumətlərarası Komitə Konvensiyanın daxili aspektlərinə daha çox diqqət yetirəcək, qeyri-maddi mədəni irslə bağlı bəzi prioritet məsələləri nəzərdən keçirəcək, eləcə də tədricən məhv olmaq təhlükəsi ilə üzləşən milli-mədəni irsin qorunub saxlanması yollarını axtaracaqdır.
Sesil Düvel demişdir: “Mən çox şadam ki, mədəni irsin qorunması Azərbaycan üçün prioritet məsələlərdəndir. Biz bunu ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində açıq-aydın görürük. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsinin əsas səbəblərindən biri də onun qeyri-maddi mədəni irsin qorunmasına verdiyi əvəzsiz töhfələrdir”.