CƏMİYYƏT
“Səssiz dünya” mövzusunda onlayn seminar keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Bakı Dövlət Universitetinin nəzdindəki İqtisadiyyat və Humanitar Kollecin birgə təşkilatçılığı ilə “Səssiz dünya” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən İctimai Birliyin sədri Miraqil Seyidzadə danışma və eşitmə məhdudiyyətli insanları anlamaq və onların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bu kimi seminarların vacib olduğunu vurğulayıb.
Loqoped Şəbnəm İbrahimova danışma və eşitmə məhdudiyyətli insanların psixologiyası, onların cəmiyyətdəki rolu, sosial mühitdə qarşılaşdıqları çətinliklər və onlarla düzgün ünsiyyət qurmağın yolları haqqında ətraflı məlumat verib. O, xüsusilə gənclər arasında bu sahəyə marağın getdikcə artmasının xoş hal olduğunu bildirib. Təlimçi istifadə edilən “işarə dili” və onu digər ölkə dillərindən fərqləndirən xüsusiyyətlərindən bəhs edib.
Sonda könüllülərin sualları cavablandırılıb.