REGİONLAR


Səssizliyin səsi olaq: eşitmə əngəlli gənclər üçün yeni layihə

Gəncə, 22 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gənclər Fondunun dəstəyi ilə “Səssizliyin səsi olaq - gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin Gəncə Dövlət Universitetində (GDU) təqdimatı keçirilib.

Tədbirdə Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin (ƏSMİD) sədri və “Sosial xəbər.az”saytının baş redaktoru Səlvin Kərimova, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova, layihə rəhbəri Nərgiz Abdulova, eşitmə və nitq məhdudiyyəti olan gənclər və GDU-nun tələbələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin humanitar məsələlər üzrə prorektoru, əməkdar müəllim Gülsüm Fətəliyeva layihənin eşitmə və nitq məhdudiyyətli şəxslərə yardım edəcəyinə, onlara mənəvi dəstək olacağına əminliyini bildirib.

Qeyd edilib ki, Gəncə Dövlət Universitetində fəaliyyət göstərən inklüziv mərkəz fiziki məhdudiyyətli tələbələr üçün nəzərdə tutulub. Mərkəz lazımi avadanlıqlarla təmin olunub. Qərb regionunda ilk dəfə Gəncə Dövlət Universitetində yaradılmış bu mərkəzdən fiziki məhdudiyyətli tələbələr yararlana biləcəklər.

Təqdimatda layihənin rəhbəri Nərgiz Abdulova “Azərbaycan daktil əlifbası” haqqında ətraflı məlumat verərək, əl işarələri ilə hərfləri izah edib.

Təlim zamanı Nərgiz Abdulova tələbələri maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.