CƏMİYYƏT
Setbek Kurtuğanulı: Berqutçuluq sənətini ata-baba mirası olaraq davam etdiririk VİDEO
Nur-Sultan, 12 oktyabr, AZƏRTAC
Qədim zamanlardan cəsarət və mərdlik rəmzi olan berqutun Qazaxıstan bayrağında da rəsmi əks olunub. Bizim üçün berqut qiymətli heyvandır və berqutçuluq sənətini babalarımızın irsi kimi davam etdiririk.
Berqutçu Setbek Kurtuğanulı AZƏRTAC-a müsahibəsində bildirib ki, bu sənəti ata-babaların mirası olaraq davam etdirir və Qazaxıstanda 100-dən artıq adam berkutçuluqla məşğul olur. “Berkutları körpə yaşlarından tutub əhliləşdiririk. Saxladığımız bu quşların ən kiçiyinin 2 yaşı, böyüyünün isə 26 yaşı var. Bu quşlar 25-45 il yaşayırlar. Qızılquş növündən olan Berqut, həmcinsləri qartal və şahindən daha da böyükdür. Dağların yüksəkliyində ov axtaran berqutlar kiçik həşəratlar deyil, canavar, tülkü ovlamağa çalışır. Yayda çəkisi artıq olan quşlar, qışda çəkilərini azaltmağa çalışırlar ki, ov daşımaq rahat olsun”.
Təlimçi əsasən berquta Qazaxıstanın şimalında, Altayda, Üstyurtda, Qızılqumda və ölkənin cənub və cənub-şərqindəki dağlarda rast gəlindiyini söyləyib. Qeyd edib ki, berqutlar dağlarda 3000 metr yüksəkliklərdə, çöllərdə və meşələrdə, yaylaqlarda yaşayır.
Setbek Kurtığanulı berqutun digər quşlardan fərqli olaraq rəng ayırd etmə qabiliyyətinə malik olduğunu söyləyib.
Onun sözlərinə görə, berqutlar gündəlik 1 və ya 1,5 kiloqram ət yeməyinə baxmayaraq, 5 həftəyə qədər ac qala bilir. Qazaxıstan berqutları beynəlxalq çempionatlarda da iştirak edir.
Qeyd edək ki, insanlardan uzaq yaşayan, qızılquş növündən olan berqut bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da “Qırmızı Kitab”da nəsli kəsilməkdə olan növlər siyahısına daxil edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan