CƏMİYYƏT


Səttar Möhbalıyev: Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 faizi aradan qaldırılıb

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilk gündən “2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasına dair özünün Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli tədbirlər həyata keçirib. Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə 8 seminar və konfrans olub. Proqramda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir neçə indikatorun yerinə yetirilməsi istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib. Belə ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb, kollektiv müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta hesabla 140 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrə dair keçirilən konfransda çıxış edən AHİK sədri Səttar Möhbalıyev söyləyib.

O qeyd edib ki, AHİK qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirib və bu tədbirlər əsasən ölkənin bütün regionlarını əhatə edib. AHİK-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin edilməsinə kömək göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun olaraq, Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə sahibkarlığın inkişafına yardım göstərilməsi məqsədilə 150 min manat vəsait köçürülüb.

İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib ki, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsində 5 il ərzində 11min 96 idarə və müəssisə iştirak edib. Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91 faizi aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilib.

AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə müvafiq uyğunluq təşkil etməlidir.

“Bu məqsədlə yeni proqramın layihəsinə bəzi irad və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyac var. Minimum əməkhaqqının Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması, bununla bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi, bir sıra vacib Konvensiyaların (102, 155, 168, 173, 184, 187 saylı) ratifikasiyası məsələlərinin proqrama salınmasını vacib hesab edirik. Gender bərabərliyini təmin etmək, kişi və qadın işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş yerlərinin yaradılması kimi problemlərin proqramda əks olunması da ümumi işimizin xeyrinə olardı”, - deyə Səttar Möhbalıyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.