SİYASƏT
Səud Əl-Huraici: Humanitar Forumda miqrant problemi ilə bağlı mühüm məsələlərə toxunulub
Bakı, 1 oktyabr, Elvin Camalov, AZƏRTAC
V Bakı Beynəlxalq Humanitar Forumunda miqrant problemlərinin həlli istiqamətində mühüm məsələlərə toxunulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Küveyt Milli Assambleyasının üzvü Səud Əl-Huraici deyib.
Forumda iştirakından məmnunluğunu bildirən S.Əl-Huraici miqrant probleminin hazırda bütün dünyanı düşündürən əsas mövzulardan biri olduğunu söyləyib.
Səud Əl-Huraici qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələdə səyləri genişləndirməli, problemin sülh yolu ilə həlli üçün siyasi və diplomatik proses sürətləndirilməlidir.
“Son illər miqrant problemi qlobal səviyyəyə çatıb. Bir çox Avropa ölkələri bundan əziyyət çəkir. Ümid edirik ki, bu forum bizi arzuolunan hədəflərə çatdıracaq. Forumun və forum çərçivəsində keçirilən “dəyirmi masa”ların iştirakçıları öz çıxışlarında vacib məsələlərə toxunub və çox faydalı təkliflər irəli sürüblər. Düşünürəm ki, Azərbaycan belə bir forumu keçirməklə, dünyadakı mövcud problemlərin həllinin sürətləndirilməsinə öz töhfəsini verir”, - deyə S.Əl-Huraici vurğulayıb.