CƏMİYYƏT
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaani ilə görüşüb.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Həmçinin Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl modeli olan “ASAN xidmət”in xarici ölkələrdə tətbiqi perspektivləri üzrə müzakirələr aparılıb və hazırda davam etdirilən əməkdaşlıqdan bəhs olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan bu il keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumunda rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına, “ASAN xidmət” isə 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
Qonaq, həmçinin “ASAN xidmət” mərkəzi, “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.