SİYASƏT
Səudiyyə Ərəbistanı Krallığının dövlət televiziyasında AzərTAc-dan bəhs edən süjet yayımlanmışdır VİDEO
Bakı, 5 iyun (AZƏRTAC). Səudiyyə Ərəbistanı Krallığının dövlət televiziyasI olan “Kanal 1”də Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclası barədə geniş material yayımlanmışdır.
Videomaterialda AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda yüksək səviyyədə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi Şurasının ilk hazırlıq iclasında bir çox məsələlərin müzakirə edildiyi diqqətə çatdırılır.
Süjetdə bildirilir ki, Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn iclasda iştirak etmişdir. Əl-Hüseyn AZƏRTAC-ın ev sahibliyi etdiyi Şuranın ilk iclasındakı çıxışında görüşdən məmnun qaldığını bildirmişdir. Səudiyyə Pressin prezidenti ötən ilin noyabrında Ər-Riyadda keçirilmiş IV Konqres barədə ətraflı məlumat vermişdir.
Səudiyyə Ərəbistanı Krallığının dövlət televiziyası ilə yayımlanan süjetdə AZƏRTAC ilə Səudiyyə Press Agentliyi arasında xəbər, foto və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun da imzalandığı bildirilir. Diqqətə çatdırılır ki, bu Anlaşma Memorandumu hər iki agentlik üçün informasiya sahəsində kadr hazırlığına da şərait yaradacaqdır.
Süjetdə o da qeyd edilir ki, Səudiyyə Pressin prezidenti Dünya Xəbər Agentliklərinin 2016-cı ildə Bakıda keçiriləcək V Konqresinin təşkilində AZƏRTAC-a dəstək göstərməyə hazır olduğunu vurğulamışdır.