REGİONLAR
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Quba, 12 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 12-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Qubaya səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonağa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin intensiv inkişaf etdiyi, bir çox sahələrdə əlaqələrin qurulduğu diqqətə çatdırılıb.
Səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.
Qonağın diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.
Daha sonra səfir “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu, “Qədim Quba” xalçaçılıq müəssisəsi və Cümə məscidi ilə yaxından tanış olub.