DÜNYA
Səudiyyə Ərəbistanı Özbəkistanda külək stansiyalarının tikintisinə 1,4 milyard dollar sərmayə qoyacaq
Daşkənd, 18 yanvar, АZƏRTAC
Səudiyyə Ərəbistanı Özbəkistanda külək stansiyalarının tikintisinə 1,4 milyard dollar sərmayə qoyacaq.
AZƏRTAC Özbəkistan İnvestisiya və Ticarət Nazirliyinə istinadla xəbər verir ki, bu haqda razılıq Özbəkistan Baş nazirinin müavini, investisiya və ticarət naziri Sardor Umurzakovla Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Al-Falix arasında videokonfrans formatında keçirilən danışıqlar zamanı əldə olunub.
Bildirilib ki, yaxın vaxtlarda Xalid Al-Falixin rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyəti Özbəkistana səfərə gələcək.
Səfər çərçivəsində Özbəkistan-Səudiyyə Ərəbistanı biznes-forumu, iki ölkə arasında yaradılan İşgüzar Şuranın birinci iclası və digər görüşlər keçiriləcək, Sırdərya vilayətində birinci külək stansiyasının bünövrəsi qoyulacaq, vilayətin Şirin şəhərində Energetika Kollecinin açılışı olacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd