İQTİSADİYYAT


Səudiyyə Ərəbistanı gələn ildən gündəlik neft hasilatını könüllü olaraq 400 min barrel azaldacaq

Bakı, 9 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı gələn ildən sutkalıq xam neft istehsalını könüllü olaraq daha 400 min barrel azaldacaq.

AZƏRTAC xəbər verir ki, ötən həftə Vyanada Səudiyyə Ərəbistanı başda olaqla OPEC-ə üzv 14 ölkə və Rusiyanın rəhbərlik etdiyi 10 qeyri-OPEC neft istehsal edən dövlət gündəlik hasilatın daha 500 min barral azaldılması barədə qərar qəbul edib. Bu qərar çərçivəsində rəsmi Ər-Riyad neft istehsalını gündəlik 167 min barrel azaltmaqla “OPEC plus” formatında əməkdaşlığa dəstək olacaq.

Lakin Səudiyyə Ərəbistanı 2020-ci ildən neft istehsalını könüllü olaraq sutkada daha 400 min barrel azaldacaq. Beləliklə də OPEC və OPEC-ə daxil olmayan ölkələr gələn ilin ilk 3 ayında gündəlik xam neft hasilatını ümumilikdə 2,1 milyon barrel azaldacaq.

Razılaşmaya görə, Rusiyanın istehsal etdiyi kondensat artıq xam neft istehsalı kvotasında hesablanmayacaq. Rusiya yeni qərara əsasən neft hasilatını gündəlik daha 70 min barrel azaldacaq. Beləliklə, Rusiya sutkalıq neft istehsalını ümumilikdə 300 min barrelə qədər azaldacaq.

Səudiyyə Ərəbistanı iclasda “OPEC plus” ölkələrinin hər 6 aydanbir yox, 3 aydanbir toplanmasını və iclasda 24 ölkənin istehsal kvotalarını nəzərdən keçirilməsini təklif edib. Buna görə də, OPEC Nazirlər Şurasının 178-ci iclası gələn il martın 5-də Vyanada baş tutacaq. Martın 6-da isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşü keçiriləcək.

Xatırladaq ki, dekabrın 6-da “OPEC plus” üzrə gələn ilin ilk rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında proporsional qaydada aparılıb.

Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Ölkəmiz müvafiq olaraq gündəlik neft hasilatını 20 min barreldən əlavə daha 7 min barrel azaldacaq. Beləliklə, öhdəliyi 27 min barrelə yüksələn Azərbaycan 2020-ci ilin yanvarından etibarən gündəlik hasilatı 769 min barrel həcmində saxlamalıdır.

Ölkəmiz indiyə kimi gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.