DÜNYA
Səudiyyə Ərəbistanı husilərin PUA hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib
Qahirə, 11 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Yəməndəki Husi qiyamçılarının Cəzan aeroportuna PUA hücumu nəticəsində 10 nəfərin yaralanması ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında baxılması ilə əlaqədar müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.
Krallığın BMT yanında daimi nümayəndəsi Abdulla əl-Müəllimi Husi qiyamçılarının mülki obyektlərə getdikcə artan PUA və raket hücumlarını regional sülhə və sabitliyə, habelə dünyanın enerji təhlükəsizliyinə təhdid adlandırıb. O, BMT TŞ-ni sözügedən təxribatların qarşısını almaq üçün beynəlxalq hüquq normalarına uyğun olaraq əlavə tədbirlər görməyə çağırıb.
Səudiyyə Ərəbistanı BMT TŞ-nə göndərdiyi rəsmi müraciətdə bir il ərzində Krallığın ərazisindəki mülki obyektlərə hücumlar haqqında müfəssəl hesabat da təqdim edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə