İQTİSADİYYAT
Səudiyyə Ərəbistanı ilə Azərbaycan iş adamlarının birbaşa əlaqələrinin qurulması üçün platforma yaradılacaq
Bakı, 15 iyul, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, bu istiqamətdə xarici tərəfdaş qurumlarla əməkdaşlıq barədə məlumat verilib, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində KOBİA-nın həmsədr olduğu müvafiq İşçi Qrupunun fəaliyyətinə, ölkələrimizin iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün müvafiq platformanın yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanının KOB sahəsindəki müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində də işlər davam etdirilir.