DÜNYA


Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında yeni əməkdaşlıq dövrünün başlanması qərara alınıb

Ankara, 23 iyun, AZƏRTAC

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında siyasi, iqtisadi və müdafiə sahələri daxil olmaqla yeni əməkdaşlıq dövrünün başlanması qərara alınıb.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun Türkiyə Respublikasında rəsmi səfər ilə əlaqədar yayılan açıqlamada əksini tapıb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, qeyd olunan səfər çərçivəsində keçirilən görüşlərdə əməkdaşlığa dair səmərəli müzakirələr aparılıb.

Qeyd olunur ki, tərəflər G-20 (Böyük İyirmilik) təşkilatının üzvləri olaraq iki ölkənin böyük iqtisadi potensialını və Səudiyyə Ərəbistanının 2030-cu ilə qədər investisiya, ticarət, turizm, inkişaf, sənaye, mədənçilik, tikinti layihələri, nəqliyyat-infrastruktur (müqavilə işləri də daxil olmaqla), kənd təsərrüfatı, qida təhlükəsizliyi, səhiyyə, kommunikasiya və informasiya texnologiyaları, media və idman sahələrində əməkdaşlığa dair böyük potensial olduğunu vurğulayıblar. Səudiyyə-Türkiyə Koordinasiya Şurasının işini aktivləşdirmək, ortaq sahələrdə əməkdaşlıq və koordinasiya səviyyəsini yüksəltmək, iki ölkənin ekspertləri arasında təcrübə mübadiləsi üzərində işləmək barədə razılaşma əldə edilib.

O cümlədən Türkiyə Səudiyyə Ərəbistanının ətraf mühit və iqlim dəyişikliyi sahəsində "Yaşıl Səudiyyə Ərəbistanı" və "Yaşıl Orta Şərq" təşəbbüslərini alqışlayıb.

Tərəflər qarşılıqlı ticarətin inkişafı və şaxələndirilməsi, iki ölkə arasında ikitərəfli ticarətin asanlaşdırılması və çətinliklərin aradan qaldırılması, investisiya imkanlarının araşdırılması və konkret tərəfdaşlığa çevrilməsi üçün ölkələrin dövlət və özəl sektorlarında kommunikasiyanın artırılması imkanlarını müzakirə ediblər.

Bildirilir ki, neft, neft-kimya, energetika və digər sahələr üzrə də əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək üçün ortaq razılıq əldə edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.