DÜNYA
Səudiyyə Ərəbistanı və Pakistan arasında Ali Koordinasiya Şurası yaradılıb
Qahirə, 8 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Ər-Riyadda səfərdə olan Pakistanın Baş naziri İmran Xan iki ölkə arasında Ali Koordinasiya Şurasının yaradılmasına dair saziş imzalayıblar.
AZƏRTAC Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla bildirir ki, tərəflər müxtəlif sahələrdə əməkdaşlığın vəziyyəti, yeni investisiya layihələrinin həyata keçirilməsi üzrə hökumətlərin fəaliyyətinə bu qurum vasitəsilə nəzarət edəcəklər.
İmran Xanın Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz ilə görüşündə də Ər-Riyadla İslamabad arasında əlaqələrin perspektivləri, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, Pakistanın Baş naziri Səudiyyə Ərəbistanında müvəqqəti yaşayan pakistanlılarla, habelə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin ilə də görüşlər keçirib.
Ciddə şəhərindəki Əl-Salam Kral sarayında vəliəhd şahzadə Məhəmməd bin Salman və İmran Xan arasında aparılan danışıqlarda Səudiyyə Ərəbistanında pakistanlılar üçün iş yerlərinin açılması da müzakirə edilib. Qeyd olunub ki, hazırda krallıqda 2 milyona yaxın Pakistan vətəndaşı müxtəlif sahələrdə çalışır. Bundan başqa, Səudiyyə Ərəbistanının Pakistanın enerji və nəqliyyat sahələrinə sərmayə qoyacağı da bildirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə