DÜNYA
Səudiyyə Ərəbistanı və Rusiyanın nazirləri qlobal neft bazarında vəziyyəti müzakirə ediblər
Qahirə, 29 iyul, AZƏRTAC
Ər-Riyadda Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salmanla Rusiya Baş nazirinin müavini Aleksandr Novak arasında görüşdə avqustun 3-də keçirilməsi nəzərdə tutulan “OPEC+” ölkələri nazirlərinin iclası ərəfəsində qlobal neft bazarında sabitliyin təmin edilməsi məsələsi müzakirə olunub.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, tərəflər, həmçinin Səudiyyə Ərəbistanı-Rusiya Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
“Əl Ərəbiyə” telekanalının məlumatına görə, rəsmi Vaşinqton “OPEC+” ölkələri nazirlərinin növbəti iclasına nikbin yanaşır. Belə ki, ABŞ administrasiyası həmin toplantıda neft hasilatının artırılacağı ilə bağlı qərar qəbul ediləcəyini və bunun qlobal bazarda sabitliyin qorunmasına müsbət təsir edəcəyini gözləyir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə