İQTİSADİYYAT
Səudiyyə Ərəbistanına təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan olunur
Bakı, 24 oktyabr, AZƏRTAC
Dekabrın 6-dan 8-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada və Ciddə şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ixrac missiyasının əhatə etdiyi sahələr - meyvə-tərəvəz, çay, meyvə şirələri, qurudulmuş meyvə, mürəbbə, təbii mineral sular, süd və süd məhsulları, ət və ət məhsulları, baldır.
İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək.
Müsabiqənin təşkilatçıları İqtisadiyyat Nazirliyi və AZPROMO-dur.
Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında noyabrın 20-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal; meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.
İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə, sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.
Sənədlər noyabrın 9-dək təqdim olunmalıdır.