DÜNYA


Səudiyyə Ərəbistanında 4500 il əvvələ aid dəfn xiyabanı tapılıb

Qahirə, 12 yanvar, AZƏRTAC

Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin məlumatına görə, arxeoloqlar krallığın ərazisində eramızdan əvvəl III minilliyə aid magistral yola bənzər qədim xiyaban aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, Qərbi Avstraliya Universitetinin (UWA) ekspertləri bu xiyabanın Ərəbistanın şimal-qərbində yaşamış qəbilələr tərəfindən tikildiyini müəyyən ediblər. Tapıntı Əl Ula Kral Komissiyasının nəzdində çalışan komanda tərəfindən "Holosen" jurnalında dərc edilib.

Sözügedən xiyaban ərazinin peyklə məsafədən zondlama, aşağı hündürlükdə aerofotoqrafiya, yer tədqiqatları, qazıntılar və radiometrik metodlardan istifadə etməklə aşkarlanıb. Tədqiqatlar göstərir ki, 4500 il əvvəl Ərəbistan yarımadasının böyük bir hissəsində dəfn mərasimləri bu xiyabandan keçməklə yerinə yetirilib. Həmin dövrdə bu torpaqlarda bol su mənbələri olub. Eyni zamanda, qədim insanlar bu ərazilərdən heyvandarlıq məqsədilə də istifadə ediblər.

Üç ilə yaxın tədqiqatlar aparan UWA-nın arxeoloji ekspedisiyasının tərkibinə dünyanın müxtəlif ölkələrindən 13 arxeoloq daxil olub və ərazinin konservasiyası layihəsi həyata keçirilib. Bu komanda ötən ilin avqustunda “Arabian Archeology and Epigraphy” jurnalında Xeybər vahəsinin asqı formalı məzarlarının eramızdan əvvəl 3-cü minilliyə aid olduğuna dair məqalə də yerləşdirib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.