DÜNYA


Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların,Misirdə isə vəfat edənlərin sayı çoxalır

Qahirə, 30 iyun, AZƏRTAC

COVID-19 pandemiyası ilə əlaqədar Körfəz ölkələrinin lideri Səudiyyə Ərəbistanı və Şimali Afrikanın ən böyük dövləti Misir arasında müqayisəli statistika dərc olunub.

AZƏRTAC xəbər verir ki, rəsmi məlumatlara görə, hazırda Səudiyyə Ərəbistanında hər gün 4 minə yaxın insan yeni növ koronavirusa yoluxur, ölkədə xəstəliyə yoluxanların ümumi sayı isə 186 min 500 nəfərə çatıb. Misirdə isə bu göstərici müvafiq olaraq 1600 və 67 minə yaxındır. Eyni zamanda, yoluxma halları nisbətən az olan Misirdə həyatını itirənlərin sayı daha çoxdur. Belə ki, Krallıqda indiyədək 1600 nəfər vəfat edibsə, rəsmi Qahirə 2872 pasiyentin həyatını itirdiyi barədə məlumat yayıb.

Hər iki ölkənin Səhiyyə nazirliklərinin məlumatlarında sağalan pasiyentlərlə bağlı vəziyyət də təhlil edilib. Səudiyyə Ərəbistanı 128 min, Misir isə 18 minə yaxın pasiyentin sağaldığını açıqlayıb.

Vəfat edənlərin sayının çox olması Misir hökumətini daha ciddi addımlar atmağa vadar edib. Belə ki, hərbi hospitalların bir çoxu da mülki vətəndaşları qəbul edir, ölkədə COVID-19 xəstələrinin müalicəsində daha səmərəli hesab edilən dərmanların istehsalına başlanılıb.

Yoluxma hallarının artdığı bir şəraitdə Həcc ziyarətini rəmzi formatda və kiçik zəvvar heyəti ilə keçirməyə qərar verən Səudiyyə Ərəbistanı isə nəzarət tədbirlərini daha da gücləndirib. Təkcə Məkkə və Mədinə şəhərlərində son sutka ərzində 420 nəfərin COVID-19-a yoluxması vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.