SİYASƏT
Səudiyyə Ərəbistanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir
Bakı, 29 dekabr (AZƏRTAC). Dekabrın 29-da Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi tərəfindən Ər-Riyad şəhərinin mərkəzində yerləşən Riyad sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Səfirliyin birinci katibi Samir Məlikli 1991-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışmışdır. S.Məlikli bu bayramın təsis edilməsini dünyanın müxtəlif hissələrində məskunlaşmış həmyerlilərimizin birliyi istiqamətində atılmış ən mühüm addım kimi qiymətləndirmişdir. O, həmçinin Azərbaycanın dünyada nüfuzunun artması və xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışmışdır.
Sonra səfirliyin birinci katibi Ramil İmranov Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətinin mətnini oxumuşdur.
Digər çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasının soydaşlarımıza Vətənə məhəbbət və milli dəyərlərimizə hörmət kimi mənəvi keyfiyyətlər aşıladığını bildirmişlər.
Tədbirdə “Biz 50 milyonluq xalqıq” adlı sənədli film nümayiş etdirilmişdir.