QAN YADDAŞI


Səudiyyə Ərəbistanında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Ər-Riyad, 25 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə ziyalılar, iş adamları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən səfir Şahin Abdullayev erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin tərkib hissəsi kimi Xocalıda günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsindən danışıb. Diplomat qeyd edib ki, Ermənistan beynəlxalq hüququn prinsiplərini pozaraq Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqdadır. Səfir Şahin Abdullayev Xocalı faciəsinin dünyada, xüsusilə də İslam aləmində tanıdılması və bu soyqırımı hadisəsinin qınanması istiqamətində birgə fəaliyyət görülməsinin zəruriliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Anım mərasimində fikirləri ilə bölüşən həmvətənlərimiz öz çıxışlarında işğal edilmiş ərazilərdə ermənilərin özbaşınalığından danışıb, azərbaycanlılara qarşı törədilən cinayətin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulayıblar.

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilib.

Rəsmi hissədən sonra tədbir iştirakçılarına səfirlikdə "Xocalı uşaqların gözü ilə" başlığı altında rəsm sərgisi nümayiş etdirilib, o cümlədən Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına dair materiallar paylanılıb.

Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən hazırlanmış bəyanat Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) göndərilib və İƏT-in rəsmi internet səhifəsində yayılıb (https://www.oic-oci.org/topic/?t_id=17386&t_ref=9227&lan=en). Bəyanatda İƏT-in Baş katibi Yusif Əl-Useymin ilk dəfə olaraq işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər olması ilə yanaşı, soyqırımı (“genocide”) olmasını qeyd edib.

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Ər-Riyad” qəzetində və onun internet səhifəsində səfir Şahin Abdullayev geniş müsəhibəsi dərc olunub (http://www.alriyadh.com/1663951).

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.