DÜNYA
Səudiyyə Ərəbistanının İnvestisiya Fondunun büdcəsi 2 trilyon dollara çatdırılacaq
Qahirə, 25 yanvar, AZƏRTAC
2030-cu ilədək Səudiyyə Ərəbistanı Krallığının İctimai İnvestisiya Fondunun (PIF) büdcəsi 7,5 trilyon riala (təqribən 2 trilyon dollar) çatdırılacaq.
AZƏRTAC rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman fondun iclasında məlumat deyib.
Fondun 2025-ci ilədək fəaliyyət planını da açıqlayan vəliəhd şahzadə qeyd edib ki, əsas hədəfi ölkədə davamlı inkişafa və əhalinin rifah halını yaxşılaşdırmağa yönəlmiş strateji plan yeni texnologiyaların tətbiqini nəzərdə tutur. Belə ki, qarşıdakı 4 il ərzində bu məqsədlə PIF-in büdcəsindən 1 trilyon dollar ayrılacaq, həmçinin 1,8 milyon yeni iş yerinin açılması nəzərdə tutulur.
Onun sözlərinə görə, 2025-ci ilədək yerli sahibkarlara və müəssisələrə hər il 40 milyard dollar kredit ayrılması da nəzərdə tutulur. Ümumilikdə isə fondun sərmayələrinin 60 faizi yerli sahibkarlığa və nəhəng layihələrə sərf ediləcək. Eyni zamanda, Səudiyyə Ərəbistanının dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərinin fəaliyyətinə, habelə yeni transmilli layihələrə də böyük məbləğdə vəsait yönəldiləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə