DÜNYA


Səudiyyə Ərəbistanının Kralı qadın hüquqları sahəsində daha bir tarixi sərəncam imzalayıb

Qahirə, 3 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz ölkədə qadın hüquq və azadlıqlarının təmin edilməsi sahəsində daha bir tarixi sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Krallığın İnsan Hüquqları Milli Komissiyasının 26 üzvündən 13-ü zərif cinsin nümayəndələri olacaq.

Ölkə ictimaiyyəti dörd il müddətinə formalaşan bu komissiyanın üzvlərinin yarısının qadınlardan ibarət olmasını yüksək qiymətləndirib. Səudiyyə Ərəbistanının İnsan Alveri ilə Mübarizə Komitəsinin vitse-prezidenti Sara Əl-Tamimi bildirib ki, BMT-nin Narkotik Vasitələr və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) ilə insan alverinin qarşısının alınması və cinayətkarların aşkar edilməsi sahəsində İnsan Hüquqları Milli Komissiyası mühüm işlər görür. Onun sözlərinə görə, zərif cinsin nümayəndələrinin bu qurumda geniş təmsilçiliyi regionda qadın və uşaq alveri ilə mübarizəyə töhfə verəcək.

UNODC-un Körfəz regionu üzrə nümayəndəsi Hatəm Fuad da Kralın sərəncamını yüksək qiymətləndirərək vurğulayıb ki, Səudiyyə Ərəbistanı son illər qadın hüquqlarının və onların cəmiyyətin ictimai-siyasi və sosial həyatında iştirakının təmin edilməsi sahəsində mühüm addımlar atıb. O əlavə edib ki, BMT tərkibi yenilənmiş komissiya ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.