DÜNYA
Səudiyyə Ərəbistanının Misirə yatırdığı sərmayələrin həcmi 54 milyard dollara çatıb
Qahirə, 24 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının Misirə yatırdığı sərmayələrin ümumi həcmi 54 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Sərmayələr İdarəsinin sədri İbrahim əl-Ömər Qahirədə keçirilən Misir-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının iclasında məlumat verib. O, bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl sektorlarının Misirə yatırdığı sərmayələrin ümumi həcmi 54 milyard dollara çatıb. İbrahim əl-Ömər iki ölkə arasında iqtisadi əlaqələrin möhkəm olduğunu, lakin buna baxmayaraq, bu əlaqələrin daha da yüksək səviyyəyə qaldırılmasının vacıbliyini xüsusi vurğulayıb. İdarə sədri vurğulayıb ki, hazırda Səudiyyə Ərəbistanı Misirdə 10 irimiqyaslı layihə həyata keçirməkdədir.
Misirdə böyük sərmayə imkanlarının mövcudluğunu bildirən İbrahim əl-Ömər, həmçinin Qahirənin Səudiyyə Ərəbistanı üçün Afrika bazarlarına çıxışı baxımından bir qapı olacağına əminliyini ifadə edib.
Misir-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının sədr müavini Abdulla bin Mahfuz deyib ki, 2018-ci il ərzində iki ölkə arasında ticarət mübadiləsi 8 milyard dollaradək yüksəlib. 2017-ci ildə isə bu rəqəm 6 milyard dollar təşkil edib. Onun sözlərinə görə, iki ölkənin özəl sektorları arasında əməkdaşlıq möhkəmlənir və hazırda Misirdə Səudiyyə Ərəbistanının 5 mindən artıq şirkəti fəaliyyət göstərir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə