SİYASƏT
Səudiyyə Ərəbistanının iqtisadi portalları: Prezident İlham Əliyev Azərbaycanın enerji resurslarına ehtiyacın artdığını bildirib
Qahirə, 17 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Əl Eqtesadi” və “Sa.investing” iqtisadi portalları Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumundakı çıxışının qlobal enerji məsələləri ilə bağlı məqamlarını yayımlayıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə dövlətimizin başçısının Azərbaycanın enerji resurslarına ehtiyacın artması, Avropada Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatın daha çox olması barədə fikirləri yer alıb: “Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var”.
İqtisadi portalların yazılarında diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerji zonasına çevriləcəyi və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçu olacağını da qeyd edib.
Məqalələrdə vurğulanıb ki, hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan və İtaliyaya ixrac olunur. Ukrayna müharibəsindən sonra Avropanın digər ölkələri də alternativ enerji mənbəyi kimi rəsmi Bakı ilə danışıqlar aparır. Qarşıdakı 4-5 ildə Azərbaycan TAP kəmərinin həcmini ikiqat artırmağı və 2026-cı ildə 50 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə